"Sahibkarlar daha az vergi ödəməklə xərclərinə qənaət edəcəklər"

Azərbaycanda tətbiq edilən xüsusi və müvəqqəti vergi rejimi nəticəsində pandemiya və post-pandemiya dövründə sahibkarlar vergi güzəştlərindən istifadə edə biləcəklər.

AMVPRESS.AZ xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

V.Bayramov bildirib ki, vergi güzəştləri yalnız pandemiya deyil, ilin sonuna qədər dövrü əhatə edəcək:

"Bu da imkan verəcək ki, sahibkarlar daha uzun müddətli dövürdə həmin güzəştlərdən faydalana bilsinlər. Vergi güzəştlərinin tədbiqi iqtisadi baxımdan çox vacib idi. Bu, dövlətin sahibkarla böyük dəstəyi kimi xarakterizə olunur, çünki nəticə etibarı ilə dövlət post-pandemiya dövründə sahibkarlara yalnız güzəştli kreditlər, digər istiqamətlər üzrə güzəştlər deyil, eyni zamanda təşviq paketi olaraq vergi dərəcələrinin endirilməsi yolu ilə də dəstək olur.

Bu da təbii ki, onların xərclərinin azaldılması və investisiya imkanlarının genişləndirilməsi baxımından vacib hesab olunur. Nəticədə təbii ki, yeni vergi rejimində sahibkarlar daha az vergi ödəməklə xərclərinə qənaət edəcəklər ki, bu da onların sərmayə qoyuluşu imkanlarının genişləndirilməsinə gətirib çıxaracaq.

Bu eyni zamanda post-pandemiya dövrünün iqtisadi aktivliyinin daha da tez bərpa edilməsi, ümumi daxili məhsuldakı pozitiv trendin qorunub saxlanmas baxımından vacibdir”.

Deputat bildirib ki, Azərbaycan 2020-ci ilin dörd ayının yekunlarına əsasən, ÜDM-dəki artım tempini qoruyub saxlayıb:

"Belə ki, ÜDM-də 0.2 faiz, qeyri-neft sektorunda isə 16 faiz artım qeydə alınıb. Praktik olaraq Azərbaycan pandemiya dövründə iqtisadi artımı qoruyub saxlaya bilən az sayda ölkələrdən biridir. Ona görə də, güzəştlərin tətbiq edilməsi həm də post pandemiya dövrü üçün strateji bir yanaşmanı nümayiş etdirir.

İqtisadi paketin də özəlliyi ondan ibarət idi ki, paket yalnız pandemiya dövründə koronavirusun sahibkarlara zərərinin minimallaşdırılması deyil, eyni zamanda post-pandemiya dövründə sahibkarların yaxından dəstəklənməsini özündə ehtiva etmişdi. Bu da onu deməyə imkan verir ki, sahibkarlar fəaliyyətlərini daha tez bərpa etmək və iqtisadi artımda iştiraklarını genişləndirmək imkanı əldə ediblər”.
 
AMVPRESS.AZ

Xəbər lenti