Münaqişənin hərbi-siyasi yolla həllinin fəlsəfəsi haqqında

Münaqişənin hərbi-siyasi yolla həllinin fəlsəfəsi haqqında

Giriş

Liderliyin fəlsəfi refleksiyası müasir dövrdə çox aktualdır. Bu, hazırkı mərhələdə şəxsiyyətin cəmiyyətdəki rolunun daha böyük önəm kəsb etməsi reallığı ilə izah olunur. Alimlər əmindirlər ki, qlobal miqyasda qeyri-müəyyənliklərin sürətlə artması, müxtəlif təbiətli risklərin çoxalması, intellektin cəmiyyətlərin həyatındakı rolunun yeni səviyyəyə yüksəlməsi və digər faktorlar fərdin ictimai rolunun əhəmiyyətini artırır. Bu bağlılıqda siyasi liderin dövlətin, millətin və cəmiyyətin həyatında rolu daha əhəmiyyətli olmalıdır. Fəlsəfə üçün vurğulanan aspketdə "lider”, "liderlik”, "rəhbər(başçı)”, "ali baş komandan” və digər anlayışların refleksiyası yeni prizmada aktuallığını artırmış olur. Öncə, bu anlayışların fəlsəfi-nəzəri anlamları üzərində dayanaq.

"Lider” ingiliscə "leader” sözündən olub, "aparıcı”, "birinci”, "irəlidə gedən” deməkdir. Qrupun, təşkilatın, komandanın, sosial-mədəni kollektivin və s. liderləri olur. O cümlədəm, tayfanın, qəbilənin, cəmiyyətin, millətin və dövlətin lideri olur.
Şəxsin hansı miqyasda və sosial-siyasi, iqtisadi, mədəni xarakterdə kollektiv varlığın lideri olmasından asılı olaraq funksiyaları da fərqlənir. Məsələn, psixoloji olaraq liderlik "sosial təsir prosesidir” ki, sayəsində məqsədə çatmaq üçün kollektivin digər üzvlərinin dəstəyini qazanır(1).

Liderlik haqqında bir çox nəzəriyyələr mövcuddur. Məsələn, situsional, funksional, davranışa əsaslanan, transformasion liderlik, "şəxsi keyfiyyətlər (və ya
xarakterlər) nəzəriyyəsi”, ldierliyin inteqral təlimi və s. kimi yanaşmalar vardır. Bu cür fərqli yanaşmaların hamısı üçün ortaq problem istənilən tarixi mərhələdə liderin şəxsi keyfiyyətləri (xarakteri) ilə ictimai fəaliyyəti arasında müəyyən bağlılığın olmasından ibarət olub. Fəlsəfi olaraq bunu təkcə ilə ümuminin, hissə ilə tamın və şəxsi (fərdi) ilə ictimainin (kollektiv) qarşılıqlı əlaqələrinin nisbətinin öyrənilməsi kimi qəbul etmək olar.

Biz yuxarıda vurğulanan yanaşmalar üzərində geniş dayanmadan, Azərbaycan cəmiyyəti üçün aktual olan və Vətən Müharibəsi kontekstində əhəmiyyətli hesab etdiyimiz liderliyin müəyyən məqamlarına diqqət yetirməyə çalışacağıq. Onu da deyək ki, müəllifin fəaliyyətdə olan hərbçi və savaş meydanında gedən proseslərin canlı şahidi olması fikir məntiqinə öz təsirini göstərir. Bunlardan başqa, məqsədimiz Azərbaycan Prezidentinin siyasi lider və Ali Baş Komandan kimi fəaliyyətinə imkan daxilində nəzər salmaq olduğundan, bu iki keyfiyyətin ortaq psixoloji sahəsində analiz aparmağa cəhd etmək istərdik. Məhz həmin baxımdan şəxsiyyətin fərdi keyfiyyətləri ön plana çıxır. Çünki bir hərbçi olaraq anlayırıq ki, Lideriklə Ali Baş Komandan olmağı birləşdirən xüsusiyyətlər içərisində qətiyyətlilik, böhranlı situasiyada güclü iradə, konkret qərar qəbuletmə və strateq-hərbçi kimi dəqiqlik nümayiş etdirmək ayrıca əhəmiyyət kəsb edir. Biz bu keyfiyyətlərin ortaq siyasi, diplomatik, psixoloji və iradi kəsişmə sahəsində Lider- Ali Baş Komandan harmonik uyğulanşmasının bir sıra fəlsəfi-nəzəri məqamlarını təhlli etmək istərdik. Öncə, şəxsi xarakterin liderlik keyfiyyətində oynadığı rol
haqqında mövcud fəlsəfi fikirlərə baxaq.

Bunun üçün liderlik haqqında şəxsi keyfiyyətlər təliminə müraciət edək (bax: 2). Burada biz, konkret olaraq "Böyük İnsan” anlayışı haqqında fəlsəfi-psixoloji təsəvvürlərin tarixi təkamül dinamikası ilə Liderin şəxsi keyfiyyətləri barədə təlimləri qarşılıqlı əlaqədə götürürük.

Liderlik haqqında təlimlərin tarixi təkamülü

Tədqiqatçılar vurğulayırlar ki, liderlik haqqında ilkin təlim "Böyük İnsan” təlimi olub (2). Sonradan o, liderlik keyfiyyətləri nəzəriyyəsinə təkamül edib.
Burada iki özəllik nəzəriyyənin əsasını təşkil edir. Birincisi, insan şəxsi keyfiyyətlərinin cəmi hesabına lider ola bilir. İkincisi, bu keyfiyyətlər ona irsən
keçir. Təbii ki, bu zaman şəxsin yaşadığı tarixi dövrün və mənsub olduğu cəmiyyətin sosial-mədəni, siyasi, iqtisadi, sosial-psixoloji və s. özəllikləri də
nəzərə alınır.

Vurğulanan təlim çərçivəsində fərdi keyfiyyətlərin liderliyə uyğun olub-olmadığını müəyyən edən konkret kriteriyalar da hazırlanıb. Məsələn, Kettelin 16
faktordan ibarət sorğusu buna misaldır (bax: 2). Şəxsi keyfiyyətlərin başqa kriteriyaları müəyyən edildikdə artıq fərqli yanaşma meydana gəlir. Yəni bu
məsələdə hələlik mütləq sayılan və dəyişməz hesab edilən yanaşma mövcud deyil. Hələ qədim dövrlərdən "Böyük İnsan” ("Great Man”) haqqında filosoflar yazırdılar. Lao Szı yazırdı: "kamilliyə çatan ədalətli olur; ədalətli olan hakim olur” (3, s. 119, 16-cı punkt). Yəni ədaləti olan lider olmalıdır. Ayrıca, Lao Szıya görə, "usta sərkərdə qalib gəlir və dayanır, zor tətbiq etməyə cürət etmir...O, qalib gəlir, çünki onu buna məcbur edirlər. O qalib gəlir, ancaq davakar olmur” (3, s. 124, 30-cu punkt).

Konfutsiy liderliyin 5 keyfiyyəti içərisində ləyaqəti və mənəvi gücü də vurğulayırdı(2). Aristotel isə ləyaqətlə ədalətliliyi şəxsiyyətin 12 yüksək keyfiyyətləri sırasına aid edirdi. Platona görə, liderdə biliyə və ədalətə irsi meyl olmalıdır. N.Makiavelli güc, dürüstlük və üslubluğu ("fəndgirlik, metodiklik, diplomatiklik) hökümdarlığın əsas xüsusiyyətlərindən hesab edirdi (4). Bu yanaşmaları fərqləndirən cəhət hər bir müəllifin özünün doğru saydığı keyfiyyətləri liderə aid etməkdən ibarətdir. Eyni zamanda, onların heç biri elmi metoddan istifadə etmirlər. Buna baxmayaraq, onların hamısı üçün ortaq olan iki cəhət vardır: birincisi, lideri böyük qruplar miqyasında (əsasən toplum, etnos, ümumi sosial-mədəni mühit) təsəvvür edirdilər, ikincisi, əsas postulat ondan ibarət idi ki, lider olmaq mümkün deyil, bunun üçün ancaq lider doğulmaq gərəkdir. Bunlar "Böyük İnsan” ("Dahi Şəxsiyyət”) təliminin mərkəzi tezisləridir.

Vurğulanan irsilik postulatının elmi əsaslandırılması mərhələsi Avropada Yeni Dövrdə özünü göstərməyə başladı. Yəni "liderlik ancaq irsən keçə bilər”
tezisini artıq elmi əsaslandırmağa çalışdılar. İlk olaraq bunu etməyə çalışan alimin Frensis Halton olduğunu tədqiqatçılar vurğulayırlar(2). Halton ailəsi Çarlz Darvin ailəsi ilə eyni soydandırlar. Maraqlıdır ki, darvinlər elm sahəsində haltonlar isə silah hazırlanması sferasında məşhurdurlar. Tədqiqatçılar F.Haltonun liderlik haqqındakı fikirlərini müəyyən dərəcədə onun irqçiliyi ilə izah edirlər. Tarixi rakursda isə F.Haltonun mövqeyi yalnız "Böyük İnsan” tezisini elmi əsaslandırmaq kimi görünür. Bundan başqa, həmin mövqedə çoxlu sayda sosioloq, sosial-psixoloq və filosoflar vardır. Onların sırasında alimlər F.A.Vudzu(5), J.Q.Tardı, F.Nitşeni, S.Klubeki, B.Bassı(6) və b. göstərirlər.

XX əsrin ikinci yarısından başlayaraq liderliyin şəxsi keyfiyyətləri ilə bağlı daha ciddi konsepsiyalar meydana gəlməyə başladı. Fəlsəfi-elmi ədəbiyyatda
onların geniş spektri analiz edilib. Bizi maraqlandıran problem baxımından aktual olan məqamlar mövcuddur. Əgər XX əsrin ikinci yarısından bu günümüzə qədər liderlik haqqındakı fəlsəfi-elmi yanaşmaları ümumiləşdirməyə çalışsaq, rusiyalı alim P.S.Avdeyevin təsnifatı ilə razılaşmalı oluruq (bax: 2).

Öncə, liderlik təlimləri lider üçün başlıca faktor kimi bir konkret keyfiyyəti əsas hesab edirdi. Bunlar ya şəxsi psixoloji-iradi və mənəvi-əxlaqi keyfiyyətlər, ya davranış üsulu, ya da situativ xarakteristikalar olurdu. Bu yanaşmanın birtərəfli olduğu anlaşılandan sonra ikifaktorlu konsepsiyalar formalaşmağa başladı. Bura şəxsi-situativ, davranış-situaitv və şəxsi-davranış təlimləri daxildir. Lakin bu da son olmadı. Sistem yanaşmaya əsaslanan nəzəriyyələr meydana gəldi. Bura artıq çoxlu sayda faktor aid edilir. Məsələn, emosional intellekt nəzəriyyəsində fərdin şəxsi keyfiyyətləri, onun davranışları və situativ faktorlar kompleks halda nəzərə alınır. Bu çərçivədə diskret yanaşmadan prosessual yanaşmaya keçid maraq doğurur. Diskret yanaşmada (məsələn, xarizma nəzəriyyəsində) hansısa faktora görə liderin mövqeyi mütləq dəyişməz kimi təqdim olunur. Prosessual yanaşmada isə liderlə onun davamçılarının qarşılıqlı təsirləri ön olana çıxır (məsələn, transaksion və transformasion nəzəriyyələrdə olduğu kimi). Nəhayət, son zamanlar sırf rasional yanaşmadan uzaqlaşıb, emosiya və dəyərlərə əsaslanan irrasional yanaşmaya meyl hiss edilir(bax: 2).

Bizcə, vurğulanan məqamlar lider və liderlik haqqında baxışları müəyyən dərəcədə əks etdirir. İndi Ali Baş Komandanlıq haqqında təsəvvürlərə baxaq. Hərbi termin kimi Ali Baş Komandan adətən müharibə dövründə (bəzən sülh şəraitində də) dövlətin silahlı qüvvələrinin Ali Rəisidir. İlk dəfə olaraq buna uyğun termin Böyük Britaniyada XVII əsrdə işlənilib. O zaman konkret olaraq "commander-in-chief — komandir-şef” termini işlənib. Ali Baş Komandan dövlətin başçısıdır. Ali Baş Komandan bütün mülki müəssisələrə münasibətdə də fövqəladə hakimiyyətə malikdir. Dövlətin ərazisində olan bütün şəxslərə hökmlüdür. Bundan başqa, Ali Baş Komandan "hərbi fəaliyyətlər teatrı” üzərində hakimdir.

Ali Baş Komandan haqqında təsəvvürlərin işığında

Hərbi fəaliyyətlər teatrı hərbi fəaliyyətlərin baş verdiyi məkandır. Hərbi fəaliyyətlər teatrı hərb elminin müxtəlif sahələrində (məsələn, hərbi coğrafiyada,
hərbi iş fənlərində) və beynəlxalq hüquqda öyrənilir. Hərbi fəaliyyətlər teatrının tərkibi və sərhədləri dövlətlər və ya hərbi-siyasi bloklar tərəfindən müəyyən edilir. Hərbi fəaliyyətlər teatrı özündə quru, ərazi suları və hava məkanını birləşdirir(bax: məs., 7 və 8). Burada başlıca meyar mümkün müharibə ilə bağlı strateji planlardır.
Məhz bu məqamda liderin Ali Baş Komandan keyfiyyəti ilə harmoniyası ön plana çıxır. Düzgün müəyyən edilmiş hərbi fəaliyyətlər teatrı qələbə üçün ciddi əhəmiyyət daşıyır. Liderin strateq kimi eyni zamanda uğurlu Ali Baş Komandan olması məsələsi üçün vurğulanan məqamın vacibliyi xüsusidir.

Sülh dövründə mümkün hərbi əməliyyatlar teatrı hüdudlarında silahlı qüvvələrin qruplaşmaları yerləşdirilir (quru qoşunları, hərbi-hava qüvvələri, hərbi-
dəniz qüvvələri) və uyğun infrastruktur yaradılır (bax: 9). Bu məqamda liderliklə Ali Baş Komandanlığın bir-birini tamamlaması məsələsi özünün konkret ifadəsini tapır. Yəni real hərbi əməliyyatlar zamanı hərbi fəaliyyət teatrı strateji olaraq düzgün müəyyənləşibsə, qələbə əldə edilir. Əks halda məğlubiyyət olur. Bu, fəlsəfi olaraq o anlama gəlir ki, sülh dövründə liderin Ali Baş Komandan kimi mümkün hərbi fəaliyyətlər teatrının strateji aspektdə düzgün qurulması, infrastrukturun dəqiq müəyyənləşməsi prinsipial əhəmiyyət daşıyır. Bu, Ali Baş Komandanın uzaqgörənliyini və strateji düşüncə miqyasını göstərən faktordur.
Nəhayət, baxılan problem aspektində əhəmiyyətli hesab etdiyimiz iki hərbi terminə də nəzər salaq. Onlardan biri barışdır. Barış hərbi fəaliyyətlərin müvəqqəti dayandırılmasıdır. Bunun üçün savaşan tərəflər arasında hərbi fəaliyyətlər teatrının bütün sahəsi və ya ayrıca bir hissəsi üzrə razılaşma olmalıdır. Adətən ümumi barışdan sonra sülh müqaviləsi gəlir. Onu vurğulayaq ki, atəşkəs (barış) mərhələsində hərbi vəziyyət davam edir və müharibə hüququ qüvvədə qalır. Barışın məqsədi sülh danışıqlarını yüngülləşdirmək və onun sakit gedişini təmin etməkdir. Bunun üçün döyüşən tərəflər sülh müqaviləsinin ilkin şərtlərini müəyyən etməlidirlər.

İkincisi kapitulyasiyadır. Bu, beynəlxalq hüquqda savaşan dövlətlərdən birinin silahlı mübarizəni dayandırması və silahlı qüvvələri təhvil verməsidir.
Savaşı uduzan dövlət rəsmi olaraq məğlub olduğunu etiraf edir və vəziyyəti müəyyən edən hüquqi çərçivədə üzərinə konkret öhdəliklər götürür. Bu mənada kapitulyasiya barışdan (və ya atəşkəsdən) sonra gəlir.

Siyasi varislik, diplomatik məharət və yüksək iradi qətiyyətin harmoniyası: İlham Əliyev nümunəsi

Beləliklə, liderliklə Ali Baş Komandanlığın bir-birini tamamlamasını, harmoniyasını ifadə edən müəyyən linqvistik sahə mövcuddur. Vətən Müharibəsi
kontekstində həmin məsələnin dərki üçün aşağıdakı faktorları əsas götürmək olar: siyasi varislik, diplomatik məharət və yüksək iradi qətiyyət. Siyasi varislik liderliyin irsiliklə mövcud geosiyasi, siyasi, hərbi reallıqların qarşılıqlı əlaqədə nəzərə alaraq dövlət başçısı keyfiyyətində uğurlu fəaliyyətinin şərtlərini təmin edir. 

Burada liderlik haqqında nəzəriyyələrin sintezini daha uyğun hesab edirik. Konkret olaraq, liderliyin şəxsi keyfiyyətlər, irsi xüsusiyyətlərlə bağlılığı ilə mövcud sosial, siyasi, geosiyasi, iqtisadi, mədəni reallıq şəraitində liderin fəaliyyətinin tam uyğunlaşdırılması (məsələn, liderliyin situativ-transformasion, inteqral liderlik və sistem yanaşma nəzəriyyələrinin) prizmasında problemə baxırıq. Bu mənada siyasi varislik real şəraitdə irsi keyfiyyətlərin təsdiqini ifadə edir. Prezident İlham Əliyevin Ulu öndər Heydər Əliyevin siyasi varisi olması onun lider kimi özəlliklərini müəyyən edib. Bu məqam Heydər Əliyevin xalqa müraciətində ifadə etdiyi bir fikirdə lakonik ifadə olunub. 2003-cü il oktyabr ayının 1-də ABŞ-ın Klivlend xəstəxanasından Ümumilli Lider Heydər Əliyev Azərbaycan xalqına etdiyi müraciətdə ayrıca vurğulamışdı: "...Üzümü sizə –həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Vətən Müharibəsi real olaraq göstərdi ki, İlham Əliyev siyasi varis kimi liderliklə Ali Baş Komandanlığın süksək səviyyədə harmoniyasını yarada bilən
böyük şəxsiyyətdir. Bu nailiyyətdə, şübhəsiz onun irsi keyfiyyətləri və şəxsi xarizmatik xarakteri ciddi rol oynayıb. Onu deyək ki, müasir alimlər siyasi
liderlərin bu aspektdə daha dərindən öyrənilməsi barədə son zamanlar çox yazırlar (bax: məs, 10, s. 78 və 86-88). Şübhə etmirik ki, bu cür tədqiqatlar üçün İlham Əliyev nümunəsi çox vacib idraki obyektdir.

İlham Əliyev liderliklə Ali Baş Komandan olmaq keyfiyyətini yüksək diplomatik məharətdə də nümayiş etdirdi. Azərbaycan Prezidenti həm hərbi
əməliyyatları idarə etməkdə, həm də paralel olaraq informasiya savaşı aparmaqda dünya nümunəsi göstərdi. Azərbaycanın lideri dünyanın müxtəlif ölkələrindən gəlmiş jurnalistlərə 30-dan çox müsahibə verdi və onlara həqiqəti anlatdı. Bir jurnalist belə İlham Əliyevin arqumentləri qarşısında dayana bilmədi – hamısı razılaşmalı oldu. Bu məqam müasir siyasi liderlikdə informasiya müharibəsini aparmağın İlham Əliyev modelini ortaya qoyur. Onun dərindən tədqiq olunmasına ciddi ehtiyac vardır.

Burada böyük əhəmiyyəti olan bir özəlliyi də vurğulamaq lazımdır. Prezident İlham Əliyevin liderliklə Ali Baş Komandan olmaq keyfiyyətini özündə yüksək səviyyədə ehtiva edən məqamlardan biri döyüş bölgəsində olan əsgər və zabitlərin səbrsizliklə onun müraciətini gözləməsi idi. Bu hadisələrin canlı şahidi kimi deyə bilərəm ki, bizlər Prezidentin çıxışlarından, onun yüksək qətiyyətindən, dəqiq fikirlərindən, lakonik ifadələrindən, qələbə əzmindən çox ruhlandıq. Ordu döyüşlərə böyük ruh yüksəkliyi və qalib gəlmək iradəsi ilə atılırdı. Şübhə olmasın ki, Şuşada Azərbaycan əsgərinin demək olar ki, əliyalın düşməni əzməsində Lider və Ali Baş Komandanın sözlərinin çox böyük rolu olub. Bu, müasir Azərbaycan dövlətçiliyi tarixində xüsusi əhəmiyyəti və qiyməti olan fenomendir. Nəhayət, Prezident İlham Əliyevin liderlik keyfiyyətləri ilə Ali Baş Komandan olmaq özəlliklərinin harmoniyasında yüksək iradi qətiyyətin yeri ayrıcadır. Bu, bir tərəfdən İlham Əliyevin hər bir situasiyada, hətta ən böhranlı anlarda düzgün, milli dövlətçiliyə xidmət edən və qələbəyə hesablanmış cəsarətli qərarlar qəbul etməyə, həm də hərbi fəaliyyətlər teatrında prosesləri dəqiq idarə etməyə imkan verdi. Bu məqamda Prezidentin Ali Baş Komandan kimi yüksək qabiliyyəti özünü təsdiq etdi.

Nəticə

Beləliklə, Vətən Müharibəsi Azərbaycan üçün aktuallıq kəsb edən bir sıra məqamları aydınlaşdırdı.

Azərbaycan dövlətinin başçısı Lider kimi bütün cəmiyyət tərəfindən dəstəklənən və sevilən şəxsiyyət olduğunu nümayiş etdirdi. Azərbaycan lideri
liderliyin irsi, situativ, kommunikativ, transformasion, birləşdirici və digər aspektlərini orqanik surətdə özündə ehtiva edən böyük şəxsiyyət olduğunu
göstərdi.

İkincisi, Azərbaycan Prezidenti Ali Baş Komandan kimi dünya hərb tarixinə öz imzasını atdı. İndi dünyanın ən güclü ordularına sahib olan dövlətlərdə belə, Azərbaycanın Qarabağ savaşında istifadə etdiyi strateji-taktivi özəllikləri öyrənirlər. Vətən Müharibəsini XXI əsr müharibə tipi kimi xarakterizə edirlər.
Azərbaycn ordusunda texniki təchizatla əsgər və zabitlərin peşəkarlığının üzvi surətdə uyğunluq təşkil etdiyini vurğulayırlar. Bu, uzun illərdir Ali Baş Komandanın həm də ölkənin lideri kimi həyata keçirdiyi siyasətin, varislik prinsipinə tam əməl etməsinin birbaşa nəticəsidir.

Üçüncüsü, Prezident İlham Əliyev bütün dünyaya XXI əsrdə Liderliklə Ali Baş Komandan olmanın harmoniyasına necə nail olmağın modelini göstərdi. Artıq dünya miqyasında bu məsələdə bir təcrübə var və o, Azərbaycanda qazanılıb. İlham Əliyev dünya liderləri sırasında yerini tutmuş, ən uğurlu Ali Baş Komandan olmağın nümunəsini göstərmiş dövlət başçısıdır!

Cəlal Kazımov,

Polkovnik-leytenant,

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının
siyasi idarəetmə fakültəsinin müdavimi

Ədəbiyyat

1. Chemers M. An integrative theory of leadership. Lawrence Erlbaum
Associates, Publishers, 1997, 216 p. 
2. Авдеев П.С. Организационное лидерство: обзор теории черт //
Гуманитарные научные исследования. 2014. № 10 [Электронный
ресурс]. URL: http://human.snauka.ru/2014/10/7824 (дата обращения:
20.12.2020).
3. Лао–Цзы. Дао Дэ Цзин (перевод Ян Хин-шуна)//Древнекитайская
философия. Собрание текстов в двух томах. Т. 1/ редактор Литвинова
Л. В. М.: Мысль., 1972, c. 114-138
4. Макиавелли Н. Государь. М.: Планета, 1990, 84 с.
5. Woods F. A. The Influence of monarchs. Vol. 11. N.Y., 1913.
6. Klubech C., Bass B. Differential Effects of Training on Persons of
Different Leadership Status // Human Relations. Vol. 7. 1954. pp. 59-72
7. Театр военных действий // Большая советская энциклопедия : [в 30 т.]
/ гл. ред. А. М. Прохоров. 3-е изд.М. : Советская энциклопедия,
1969—1978.
8. Театр войны // Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А.
М. Прохоров. 3-е изд. М. : Советская энциклопедия, 1969—1978.
9. Война и мир в терминах и определениях / [А. А. Данилевич и др.] ;
под общ. ред. Д. О. Рогозина. М.: ПоРог, 2004, 623 с.
10. Richard D. Arvey, Nan Wang, Zhaoli Song, and Wendong Li. The
Biology of Leadership//Oxford Handbook of Leadership and
Organizations. Publisher: Oxford University Press Editors: David Day.
January 2014, p.75-92.

Xəbər lenti