“GəncLİK” proqramının açılış mərasimi keçirilib

“GəncLİK” proqramının açılış mərasimi keçirilib
Bakıda "GəncLİK” (Gənc Liderlərin İnkişafı Konsepsiyası) Proqramının açılış mərasimi keçirilib.

AMVPRESS.AZ- xəbərinə görə, açılış mərasimi Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və gənc liderlərə dair videoçarx nümayiş olunub və onlara iştirakçı paketləri təqdim olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə reallaşdırılan layihənin açılış mərasimində Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev, millət vəkilləri, gənclər təşkilatlarının nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Ü.Mehdiyev Prezident İlham Əliyevin gənclər siyasətinə xüsusi önəm verdiyini vurğulayıb, ölkəmizdə bu sahədə uğurlu dövlət siyasətinin təmin edildiyini diqqətə çatdırıb: "GəncLİK” proqramı, o cümlədən müxtəlif istiqamətlərdəki digər layihələr gənclərin hərtərəfli inkişafını dəstəkləməklə onların yeni bilik və bacarıqlar əldə etməsinə imkan verir. Bu proqram bundan sonra da davam edəcək. Bu gün "ASAN xidmət”də 22 minə yaxın gənc könüllülük fəaliyyətinə başlayıb və təcrübə qazanıblar. Könüllülük dünyada tətbiq olunan bir fəaliyyətdir. Sırf dövlət xidmətləri sahəsində isə könüllülük fəaliyyəti Azərbaycanın uğurudur. "GəncLİK" proqramı layihəsinə müraciət edən 1000 iştirakçıdan 30-a yaxın gənc müxtəlif mərhələdən keçməklə bu proqram üçün seçilib. Dövlətin gənclər siyasəti ilə bağlı çoxşaxəli islahatlar həyata keçirilir. Eyni zamanda könüllülük fəaliyyəti ilə məşğul olan gənclərimiz ayrı-ayrı dövlət orqanlarında müxtəlif təcrübələr keçirlər. Bu gənclərin arasından daha peşəkar, təcrübəli olanları digər dövlət xidmətlərinə cəlb olunmaq üçün sonradan dövlət qulluğuna cəlb ediləcəklər”.

Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Azərbaycanda gənclər siyasətinin prioritet istiqamətlərdən olduğunu və ölkə başçısının bu sahəyə xüsusi diqqət ayırdığını qeyd edib: "Bu gün Azərbaycan gəncliyi ölkə prezidentinin qayğısı ilə tam əhatə olunub və Dövlət Agentliyi ilə birgə həyata keçirilən "GəncLİK” proqramı gənclərimizdə liderlik keyfiyyətlərinin dövlətçilik maraqlarına uyğun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən əhəmiyyətli proqramlardandır. Bu gün dövlətimiz tərəfindən gənclərə kifayət qədər dəstək verilir. Çünki dövlətin gələcəyi gənclərdir. Dövlətimizin himnində də gənclərin qarşısında vəzifə qoyulur. Məlumat üçün qeyd edim ki, Azərbaycanda cəmiyyətin təxminən üçdə bir hissəsini gənclər təşkil edir”.

Daha sonra Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev, həmçinin gənc liderlər Türkan Şahvələdli, Sənan Cəfərov və Ülviyyə Bayramova çıxış ediblər.
Sonda xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, "GəncLİK” proqramı üçün daxil olan 1000 müraciətdən yalnız seçim meyarlarına uyğun gələn 321 gənc növbəti mərhələdə test imtahanında iştirak şansı qazanıb. Test imtahanı, videomüraciət və müsahibə mərhələlərini isə 30 gənc uğurla başa vuraraq "GəncLİK” proqramında iştirak hüququ qazanıb. Cari ilin oktyabr-dekabr aylarını əhatə edəcək Proqramın yekununda iştirakçıların inkişafının qiymətləndirilməsi aparılacaq. Sonra gənclər iki ay ərzində profilə uyğun olaraq aparıcı şirkətlər, beynəlxalq təşkilatlarda və innovativ idarəetmə üsulları tətbiq edilən yerli qurumların rəhbər şəxslərinin yanında təcrübə keçəcəklər.

AMVPRESS.AZ

Xəbər lenti