Ekspert: Azərbaycanda qeyri-neft sektorunun sürətli inkişafı üçün ciddi işlər görülür

Ekspert: Azərbaycanda qeyri-neft sektorunun sürətli inkişafı üçün ciddi işlər görülür
Azərbaycanda qeyri-neft sektoru ildən-ilə inkişaf edir. Təsadüfi deyil ki, 2019-cu ilin altı ayında Azərbaycanın qeyri-neft sektoru 3,2 faiz artıb.

Prezident İlham Əliyev 2019-cu il iyulun 31-də keçirdiyi müşavirədə demişdi ki, ən sevindirici göstərici qeyri-neft sənayesindədir. 

Ölkə başçısı qeyd etmişdi ki, kənd təsərrüfatında da rekord göstərici əldə edilib. Belə ki, kənd təsərrüfatı bu ilin altı ayında 13 faiz artıb. Artımın 25 faizi bitkiçilik hesabınadır.

Prezident bildirib ki, Azərbaycanın qeyri-neft ixracı 15 faiz artıb:

"Altı ayda ölkə iqtisadiyyatına altı milyard dollardan çox sərmayə qoyulub. Bu sərmayənin böyük hissəsi qeyri-neft sektoruna qoyulan sərmayədir".

Dünya Bankı tərəfindən yayılan "Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilib.

Hesabatda Azərbaycanın mövqeyi 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək, 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb və dünyanın bir çox ölkələrini geridə qoyub, həmçinin Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri arasında lider mövqeyə yüksəlib.

Qeyd edək ki, "Doing Business" hesabatı xarici investorlar tərəfindən biznes mühitinə dair etibarlı mənbə kimi istinad edilən əsas reytinq göstəricisidir.

Azərbaycana qoyulan sərmayələr ölkəyə yeni texnologiyalar, innovativ fikirlər, dünyada mövcud olan yeni biznes modellərini gətirir. Bununla yanaşı, yerli sahibkarların investorların müasir trendlərə uyğunlaşmasına şərait yaradır.

Azərbaycanın keçmiş Maliyyə naziri, iqtisadçı alim, professor Fikrət Yusifov Oxu.Az-a deyib ki, qeyri-neft sektoru iqtisadiyyatımızın ən etibarlı sahəsidir.

Onun sözlərinə görə, hökumət bu sahənin sürətli inkişafı yolunda son illərdə ciddi səylər göstərməkdədir:

"Qeyri-neft sektorunun inkişafını şərtləndirə biləcək əsas amil isə bu sahəyə cəlb edilən investisiyaların həcmindən asılıdır. Qeyri-neft sektoruna yatırımların həcmi bu sahədə müəyyən irəliləyişlərin əldə edildiyini göstərir".

Professorun fikrincə, müasir texnologiyaların tətbiqi ilə yeni müəssisələrin yaradılması qeyri-neft sektorunun inkişafında yeganə düzgün yol kimi dəyərləndirilməlidir:

"Belə müəssisələrin qurulması üçün xarici və daxili kapitalın indikindən daha böyük həcmlərdə cəlb edilməsi olduqca vacibdir".

F.Yusifovun fikrincə, bu yatırımlar dördüncü sənaye inqilabının tələbləri səviyyəsində müasir müəssisələrin qurulmasına istiqamətləndirilsə, sahibkarlar müasir dünyada gedən proseslərə daha tez uyğunlaşa bilərlər.
 
AMVPRESS.AZ

Xəbər lenti